`Atletlər kəndi`ndəki qəza ilə bağlı məhkəmə olacaq


14:43     22 Oktyabr 2016 atletler.jpg

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin başlama vaxtı məlum olub.


Femida.az-ın məlumatına görə, şikayət üzrə məhkəmənin ilkin baxış iclası oktyabrın 28-nə təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onun barəsində 1 il 6 ay sınaq müddəti təyin edilib. Hökmdə Hüseyn Salamovun barəsində olan ittihamın təsdiqini tapmaması qeyd edilib. Hakim bildirib ki, onun ittiham olunduğu 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan təqsirləndirilən şəxslərdən V. Əhmədovdan başqa digərləri apellyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilib.

V. Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1101